Su üçün atom | VİDEOMÜSAHİBƏ

Su üçün atom  | VİDEOMÜSAHİBƏ
  21 İyul 2024    Oxunub:1144
Hazırda içməli su qıtlığı vacib və aktual qlobal problemlərdən birinə çevrilib. İqlim dəyişməsinin dünya əhalisinin sayının artması fonunda getməsi vəziyyəti daha da kəskinləşdirir. Çıxış yollarından biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır. Dəniz və okeana çıxışı olan ölkələrdə həyata keçirilən bu prosesdə müxtəlif üsullardan istifadə edilir. Amma müəyyən çətinliklər də mövcuddur.
- Hazırda suyun duzsuzlaşdırılması prosesi membran metodu ilə və kimyəvi üsullarla aparılır. Ən geniş yayılmış kimyəvi üsul suyun buxarlandırılma yolu ilə deminerallaşdırılmasıdır. Bu üsul böyük həcmdə enerji tələb edir. Odur ki, su probleminin həlli avtomatik olaraq enerji istehlakı müstəvisinə keçir,- deyə AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor İslam Mustafayev AzVision.az -a müsahibəsində bildirib.

Professor deyib ki, neft-qaz ölkələri, o cümlədən Azərbaycan kifayət qədər enerji ehtiyatlarına malik olsa da, ənənəvi enerjidaşıyıcılarından istifadə zamanı ətraf mühitə karbon-dioksid yayılır. Halbuki, neft-qaz ölkələrindən karbon dioksid emissiyasını məhdudlaşdırmaq tələb olunur. 2050-ci ilə qədər karbon dioksidlə çirklənmənin sıfıra endirilməsini nəzərdə tutan qərarlar var. Azərbaycan 198 ölkə ilə birlikdə İqlim Dəyişiklikləri üzrə Konvensiyanı, Paris anlaşmasını, Dünya İqtisadi Forumunun qərarlarını, eləcə də Yaşıl Sövdələşmə (Green Deal) üzrə Avropa İttifaqının sənədini imzalayaraq, üzərinə müəyyən öhdəliklər götürüb. Həmin öhdəliklər çərçivəsində üzvi yanacağın (ənənəvi enerjidaşıyıcılarının) istehlakına məhdudiyyətlər qoyulur. Çünki karbon-dioksid qazı iqlim dəyişikliyinə, temperaturun artmasına, nəticə etibarilə su qıtlığına səbəb olur. Ona görə də su qıtlığını aradan qaldırmaq üçün üzvü yanacaq yandırmaq çıxış yoly sayıla bilinməz.


Bu hal bərpa olunan enerji mənbələrindən - günəş, su və külək enerjisindən istifadəni qaçılmaz edir. MAQATE-nin direktoru Rafael Qrossi isə deyir ki, bərpa olunan enerjidən istifadəyə keçən ölkələrin enerji sistemi qeyri-sabit vəziyyətə düşə bilər. Çünki bu sahadə imkanlar məhduddur. Məsələn, hava şəraiti əlverişli olmaya bilər. Belə vəziyyətdə istər-istəməz daha sabit, daha etibarlı enerji mənbəyinə - nüvə enerjisinə ehtiyac yaranır.
Xəzərin suyunu şirinləşdirmək üçün nə çatışmır? | VİDEMÜSAHİBƏ

- Rafael Qrossinin yazdığına görə, buxar qazlarının iqlim dəyişmələrinə təsirinin azaldılamsına trilyonlarla dollar vəsait ayrılıb. Bu məbləğin kiçik bir hissəsi atom enerjisinin təhlükəsizliyinin təminatına sərf olunsa, etibarlı atom energetikası yaratmaq mümkündür . Bundan da həm enerji mənbəyi kimi, həm də dəniz suyunun duzsuzlaşdırılması prosesində istifadə etmək olar. Bu sabit enerjidir, ekologiyaya mənfi təsirləri azdır. Suyun duzsuzlaşdırlması böyük enerji tutumlu sahədir.

Bu yöndə ilk təcrübələrdən biri 1973-cü ildə Qazaxıstanın Xəzər sahilində yerləşən o vaxtkı Şevçenko (indiki Aktau) şəhərində SSRİ dövründə 150 min MeqaVatt gücündə atom reaktorunun tikilməsi olub. Əslində bu çox azdır. Müqayisə üçün deyim ki, Çernobılda partlayan reaktor 1000 MeqaVatt gücündə idi. Deməli, Akatuda tikilən reaktordan 6 dəfədən də çox gücü olub.
Gündə 120 min kubmetr su həmin ərazinin ehtiyacını ödəyirdi. Həmin reaktordan alınan enerjinin bir hissəsi isə hətta elektrik istehlakına yönəldilirdi. SSRİ-nin dağılmasından sonra həmin reaktor dayandırıldı. Amma bildiyimə görə, yenidən işə salınacaq.

- Başqa ölkələrdə dəniz suyunun şirinləşdirilməsi üçün atom enerjisindən istifadə təcrübəsi varmı?
- Quraqlıq ərazi olan Buşəhrdə Rusiyanın tikdiyi AES-in yanında İran dəniz suyunun şirinləşdirilməsi üçün 3 qurğunun inşasını planlaşdırır. Rusiyanın Türkiyədə tikdiyi Akkuyu AES-in də yanında dəniz suyunu şirinləşdiricək qurğuların inşası nəzərdə tutulur. İndi dünyada 400 reaktor atom enerjisi verir. Əvvəllər onların sayı 465 olsa da, Çernobıl və Fukusima qəzalarından sonra istismar müddəti keçmiş atom reaktorlarının hamısı bağlandı. Hətta onların tikintisi planı da 30% azaldıldı. Mənim bildiyimə görə, MAQATE-nin rəhbəri Rafael Qrossinin mövqeyindən sonra hazırda atom reaktorlarına qarşı çıxan ölkələr də öz mövqelərini dəyişirlər.


- Azərbaycan Xəzərin suyunun duzsuzlaşdırılmasında istifadə oluna biləcək enerjini almaq üçün AES tikə bilərmi?
- Nüvə enerjisinin istifadəsi və bu sahədə tədqiqatların aparılmasında Azərbaycanda kifayət qədər təcrübə var. 1957-ci ildə yaradılan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) əsas məqsədi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək idi. SSRİ də ora daxil olduğundan, bu istiqamətdə atılan ilk addımlar Azərbaycanda özünü çox gözlətmədi. 1958-ci ildə AMEA-nın Neft-Kimya prosesləri institutunun tərkibində Radiasiya Kimyası laboratoriyası açıldı. Bu laboratoriya ilkin mərhələdə kadrlar hazırlamağa, müəyyən potensial yaratmağa hədəflənmişdi. Həmin laboratoriyanın 10 illik fəaliyyətindən sonra SSRİ Nazirlər Kabinetinin qərarı ilə 1969-cu ildə Azərbaycanda Radiasiya Tədqiqatları sektoru yaradıldı. Bu sektor SSRİ-də ən tanınan mərkəzlərdən biri kimi 2002-ci ilə qədər böyük yol keçdi. Sadəcə, atom enerjisi və şüalanma məsələləri ilə bağlı olduğu üçün onun haqqında az danışılıb. Biz orada işləyəndə məqalələrimizi Moskvaya göndəriridik, orada baxılırdı. Əgər icazə verirdilərsə, çap olunurdu, icazə verilməyəndə isə işıq üzü görmürdü. Demək istəyirəm ki, əhəmiyyətli işlər görülüb və yaxşı kadr potensialı yaranıb. Amma məxfilik səbəbindən bu sahədə ictimai məlumatlandırma az olub.

Ötən əsrin 70-ci illərinin ortalarında Azərbaycanda - Nəvaidə AES-in tikintisinə başladı. Mən də daxil olmaqla 10 nəfərə dedilər ki, respublikada atom reaktoru tikilir və biz Obninskdə Kurçatov adına institutda oxuyandan sonra gəlib orada işləyəcəyik. Nəvaidə işləyəcək kadrlar üçün tikilmiş 17 kottec indiyədək qalıb. O vaxt atom reaktorunun hətta təməli də qoyuldu. Sonra müxtəlif mübahisələr getdi, nəhayət, Çernobıl hadisəsindən sonra layihəni dondurdular.

2014-cü ilin mayında Prezident İlham Əliyev Tədqiqat-Nüvə reaktorunun tikilməsi və o Nüvə Tədqiqatları mərkəzinin yaradılması barədə Sərəncam imzaladı. Məsələ yenidən gündəmə qayıtdı. MAQATE də bir neçə layihə verdi ki, texniki-iqtisadi göstəriciləri əsaslandırılsın. Bu layihə 7-8 il davam etdi. Kadrlar var, sənədlər qəbul olunub. Ölkəmizdə nüvə enerjisinin istehsalı ilə bağlı institusional və insan potensialı sürətlə yaradılmaqdadır.

- Bildiyimə görə, Xəzərin suyunun duzsuzlaşdırılması ilə bağlı bir pilot layihə də olub...
- Bəli, olub, amma atom enerjisidən istifadə ilə yox, adi kimyəvi, membran metodu ilə həyata keçirilib. Salyan yolunun üstündəki Xıdırlı kəndinin yaxınlığında Ekologiya və Təbii Sərvətlər nazirliyi pilot qurğu yaradıb. Onun yanında salınan bağ həmin su ilə suvarılır. Belə görünür ki, yaxşı da nəticə alınır.
Bu məsələdə bir neçə məqamı nəzərə almaq lazımdır. Ərazilərimiz işğal altında olanda Qarabağ və Şərqi Zəngəzur zonasındakı kiçik çaylarımızdan səmərəli isitfadə etməyimizə imkan vermirdilər. İndi onlardan istifadə etsək də, gələcəyə hazırlaşmaq lazımdır. “Su yoxdur və onu almaq lazımdır” deyiləndə artıq qiymətə baxılmayacaq. İnsan susuzluqdan və ekoloji problemdən əziyyət çəkirsə, onda rentabellik ölçülməyəcək, iqtisadi maraq yox, insan rifahı, insan faktoru önə çıxacaq.


- Biz bu məsələdə gecikməmişik ki? Digər tərəfdən, atom reaktorunun tikilməsini Azərbaycan yəqin ki, hansısa xarici ölkə ilə həyata keçricək. Bununla bağlı böyük ölkələrin arasında rəqabət var, Rusiya Azərbaycana hətta bir təklif də edib...
- MAQATE tərəfindən bizə verilən layihələr əslində elə Rusiyanın “Rosatom” şirkətinin himayəsi altında idi. Amma bir həqiqəti də demək lazımdır ki, dəniz suyunun duzsuzlaşdırılmasında atom enerjisinin tətbiq olunması məsələsində “Rosatom” irəlidədir. Onlar Şevçenkoda (Aktauda) çox böyük təcrübə toplayıblar. Amma hər halda, biz seçim etməliyik. Özümüzə uyğun partnyorlarımız var. Hərçənd, regiondakı AES-lərin hamısını Rusiya tikib: İranda Buşəhrdə, Türkiyədə Akkuyuda... Ermənistanda Metsamorda bir AES var, ikincisini də tikmək istəyir. Doğrudur, biz buna ciddi müqavimət göstəririk. ESPO konvensiyasına görə onlar bunun üçün qonşu ölkədən - yəni bizdən də icazə almalıdırlar.
Dünyada maraqlı bir təcrübə var: Hər bir ölkə AES-i qonşusu ilə sərhəddə yaxın tikir. Məsələn, Litva Belarusla, Belarus da Litva ilə sərhəddə tikib. Gürcüstan isə Tbilisidə tikmişdi ki, bu da bizim 50 kilometrliyimizdə yerləşirdi. Metsamoru bizimlə 70, Türkiyə ilə cəmi 15 kilometrlik məsafədə inşa ediblər. Bunu həmişə belə ediblər ki, əgər qəza baş versə, ziyanı daha çox digər ölkəyə dəysin.

- Zidiyyətli məqam yaranır. Biz Ermənistanın ikinci AES tikməsini istəmirik. Amma bizə də öz reaktorumuzu tikmək lazımdır. Belə olan halda onların razılığı necə alınacaq?
- Müəyyən bir razılaşmaya gəlmək lazımdır. Əsas məsələ budur ki, AES sərhədə yaxın olmasın. Əgər Ermənistan onu Kirovakanda (Vanadzor), Amasiyada tikəcksə, bu, onun öz işidir. Onda bu məsələyə çox qarışmaq olmaz. Amma sərhədə yaxın yerdə tikəcəksə, onda vəziyyət dəyişəcək.

AVOS layihəsinə - ətraf mühitin qiymətləndirilməsi normalarına görə, bütün obyektlər tikilməmişdən əvvəl layihə hazırlanır və qonşu ölkəyə göndərilir. Yeri gəlmişkən, Metsamorla bağlı da layihə Azərbaycana göndərilmişdi. Azərbaycan müəyyən vaxt ərzində cavab verməsə, onda bu razılıq əlaməti kimi qiymətləndirilir. Ona görə də biz hazır olmalıyıq və hazırıq.

- Yəqin ki, beynəlxalq qurumlar razılıq verərkən seysmoloji vəziyyət də diqqətlə öyrənilir. Ermənistan isə seysmik baxımdan qeyri-sabit ərazi deyilmi?
- Orada qırılma xətti Metsamor AES-in cəmi 8 kilometrliyindən keçir. Yəni zəlzələ baş versə, stansiya ciddi risklə üzləşəcək. Azərbaycanda isə dəniz suyunun duzsuzlaşdırılması prosesində atom enerjisindən istifadə məqsədi ilə atom reaktorunun inşası perspektivinə nikbinliklə baxmaq olar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Atom   Su   İqlim  





Xəbər lenti